Məzmuna keç
19°BakıUSD1.7000 ₼EUR1.9023 ₼100 RUB2.0943 ₼TRY0.0340 ₼Bizimlə əlaqə
SON DƏQİQƏ
İqtisadiyyat

Menyuda bir qiymət, hesabda başqa məbləğ: Müştəri hüquqlarını necə qoruya bilər? – Foto

Paylaş:

Bakıda yerləşən restoranlardan birində əcnəbi turistə təqdim edilən hesab ətrafında narazılıq yaranıb. Turistin iddiasına görə, sifariş zamanı menyuda göstərilən qiymətlər əsas götürülsə də, hesab təqdim edilərkən yeməklərin dəyəri ikiqat baha hesablanıb. Məbləğin düzəldilməsi üçün dəfələrlə müraciət edilsə də, hesab sifariş zamanı göstərilən qiymətlərə uyğunlaşdırılmayıb.

İaşə obyektlərində menyuda göstərilən qiymətlərlə müştərilərə təqdim edilən hesab arasında fərqin yaranması istehlakçı hüquqları və qiymət şəffaflığı məsələsini yenidən gündəmə gətirir. Xüsusilə xarici turistlərlə bağlı bu cür iddialar ölkənin turizm imicinə təsiri baxımından da müzakirələrə səbəb olur.

Bəs istehlakçılar belə vəziyyətlə qarşılaşdıqda hansı addımları atmalıdırlar?

Oxu.Az mövzu ilə bağlı “Kaspi” qəzetinin məqaləsini təqdim edir.

Son vaxtlar turistlərin aldadılması halları daha tez-tez baş verir

Turizmçi Əziz Şiriyev turistlərin aldadılması ilə bağlı problemlərin uzun müddətdir mövcud olduğunu deyir.

“Xüsusilə Qəbələ və Quba istiqamətlərində, Bakı və paytaxtətrafı ərazilərdə fəaliyyət göstərən məşhur restoranlarda, eləcə də nəqliyyat xidməti göstərən və yerli məhsullar satan şəxslər arasında belə hallara rast gəlinir. Son vaxtlar bu cür hadisələr daha tez-tez baş verir. Bəlkə də bu səbəbdəndir ki, əvvəllər Azərbaycana üz tutan ərəb turistlər artıq Orta Asiya ölkələrinə gedirlər”, – deyə o bildirib.

Turizmçi hesab edir ki, bu cür hallar ictimai qınağa səbəb olmalı, onların qarşısının alınması üçün müvafiq tədbirlər görülməlidir.

“Biz millət olaraq qonaqpərvərik. Milli-mənəvi dəyərlərimiz var. Bu dəyərlərə söykənərək hər zaman turistlərə hörmətlə yanaşmalıyıq. Bu proseslərə müvafiq qurumlar – Dövlət Turizm Agentliyi, Azərbaycan Turizm Agentlikləri Assosiasiyası, Azərbaycan Hotel Assosiasiyası, Qida Təhlükəsizliyi Agentliyi və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən nəzarət olunmalıdır”, – deyə Ə.Şiriyev vurğulayıb.

Onun fikrincə, ölkədə turizm polisinin yaradılmasına da ehtiyac var.

“Turist bilməlidir ki, ciddi problemlə qarşılaşarsa, müraciət edə və dəstək ala biləcəyi bir qurum mövcuddur. Turist özünü nə qədər güvənli və təhlükəsiz hiss edərsə, həmin ölkəyə yenidən qayıtmaq və ya oranı başqalarına tövsiyə etmək ehtimalı da bir o qədər artar”, – deyə turizmçi qeyd edib.

Paylaş: